Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  birgə təşkilatçılığı ilə“Sən tək deyilsən” layihəsinin istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, yaxın zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyini vurğulayıb və təşəbbüsə görə Komitə sədrinə təşəkkürünü bildirib.

Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illər düşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanı bahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsil yolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiya olduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdə cəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçün deyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahı qadınların nailiyyətlərindən asılıdır. Onların güclü olması sabahımızı möhkəmləndirir”.

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata keçirilir.

B. Muradova, 2023-cü il sentyabrın 21-də ABA ilə Komitə arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili, regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin icrasının nəzərdə tutulduğunu xatırladıb.

B. Muradova, “Sən Tək Deyilsən” layihəsinin “Gələcəyə əmin addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv iştirakına şərait yaratdığını bildirib. O, layihənin artıq 4 ildir uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə dəstək göstərildiyini qeyd edib.

Çıxışının sonunda B.Muradova əldə etdikləri nailiyyət münasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıq ki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız da qarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsil alacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimi yaşayacaqlar”-deyə o, əlavə edib.

Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayiş etdirilib. Daha sonra sertifikat və hədiyyələr təqdim olunub.

Layihə iştirakçıları çıxış edərək, övladlarına həm ana, həm də ata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnək olmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək və qayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları, layihə çərçivəsində onlara göstərilən diqqətə görə minnətdarlıqlarını dilə gətiriblər.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsi, onların gələcək karyera quruculuğuna və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulur.

 

Related posts

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı