Bu gün Azərbaycanın bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi yeni mərhələdən keçir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, məlumat əsaslı idarəetmə, rəqəmsal ekosistemlər, açıq bankçılıqdan açıq finans sisteminə keçid, real vaxtda ödənişlər və süni intellektin tətbiqi artıq müasir bankçılığın yeni standartlarını formalaşdırır:
“İstehlakçı davranışı dəyişir, texnologiya sürətlənir, risklər isə daha mürəkkəbləşir. Bank sektorunun əsas vəzifəsi innovasiyanı təhlükəsizliklə balanslaşdırmaq və etibarlı sistemlərə keçidi təmin etməkdir”, – deyə Qasımlı vurğulayıb.
İcraçı direktor bildirib ki, yeni bankçılıq modeli artıq xidmət təqdimatı ilə məhdudlaşmır, məlumat əsaslı idarəetmə, süni intellektlə risklərin proqnozlaşdırılması, insidentlərin real vaxtda aşkarlanması və proqressiv tənzimləmə standartlarının tətbiqi üzərində qurulur. ESG çərçivələri, Bazel III tələbləri və süni intellekt əsaslı risk yanaşmaları da dayanıqlı inkişafın əsas komponentinə çevrilib.
Forumun gündəliyinə toxunan Vüsal Qasımlı qeyd edib ki, fintex–bank əməkdaşlığı, süni intellektlə avtomatlaşdırılmış risk monitorinqi, qabaqcıl kibertəhlükəsizlik həlləri, rəqəmsal investisiya platformaları və blokçeyn əsaslı əməliyyatlar gələcəyin maliyyə arxitekturasını müəyyənləşdirir.
Qasımlının sözlərinə görə, süni intellekt və böyük verilənlərin tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır:
“Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv şəkildə qiymətləndirə və real vaxtda analitik qərarlar qəbul edə bilərlər.”
O həmçinin vurğulayıb ki, bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması xüsusi əhəmiyyət daşıyır. Bu model maliyyə institutları, fintech şirkətləri, tənzimləyici qurumlar və digər maraqlı tərəflər arasında inteqrasiyanı gücləndirir, informasiya paylaşımını və innovasiyanı təşviq edir, risklərin paylanmasını təmin edir.
İcraçı direktor bildirib ki, tənzimləyici orqanların çevik və proqressiv yanaşması sektorda etibarlılığın təmin olunmasına mühüm töhfə verir. Onun fikrincə, texnoloji inkişafı izləyən yeni normativ tələblər və süni intellekt əsaslı alətlərin risk idarəetməsində tətbiqi maliyyə sabitliyinin gücləndirilməsi baxımından vacibdir.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun yaradılması texnoloji imkanların, analitik qərar mexanizmlərinin, ekosistem əməkdaşlığının və proqressiv tənzimləyici yanaşmanın birgə tətbiqi ilə mümkündür.”
Sonda Vüsal Qasımlı qeyd edib ki, bankçılıq sisteminin yeni inkişaf modeli rəqəmsal transformasiya, süni intellekt, açıq maliyyə ekosistemləri və dayanıqlılıq prinsipləri əsasında formalaşmalıdır. Bu istiqamətlər maliyyə institutlarının rəqabətqabiliyyətini artırmaqla yanaşı, uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsində də həlledici rol oynayır.