VÜSAL QASIMLI: Manatın real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb

COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb. Bu məsələni şərh edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, son beş ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir: “Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var.”

  Onun sözlərinə görə, real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi vardır: “Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirmişdir.   Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilmişdir. 3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir.”

Vüsal Qasımlı hesab edir ki, manatın real effektiv məzənnəsi milli iqtisadiyyatımızda məhsuldarlıqdan asılıdır: “Hazırda ölkədə əhali artımı və pandemiyanın təsiri altında ÜDM-in azalması məhsuldarlığı da azaldır. Bu ilin ilk beş ayında əhalinin hər nəfərinə düşən ÜDM 2,5 faiz azalıb. Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, nisbi məhsuldarlığın 1 faiz artımı milli valyutanın real məzənnəsini 0,2 faiz bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilərdi, sadəcə, ticarət partnyoru olduğumuz ölkələrlə müqayisədə məhsuldarlığın daha az düşməsi bu effekti “zərərsizləşdirir”. “Balassa-Samuelson” effektinə görə inkişaf etmiş və etməkdə olan ölkələrin qiymət fərqini doğuran onların iqtisadiyyatlarındakı fərqli məhsuldarlıq səviyyəsidir. Azərbaycanda alıcılıq qabiliyyəti paritetinə əsasən onsuz da qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. “Penn effekti” də bunu sübut edir. İndiki halda inflyasiyanın 2,9 faiz olması da alıcılıq paritetini əhəmiyyətli dərəcədə pozmağa imkan vermir. Üstəlik manatın digər partnyor ölkələrin ucuzlaşan valyutalarından fərqli olaraq ABŞ dolları qarşısında sabitliyini də nəzərə alanda, manatın real effektiv məzənnəsinin yüksəlməsinin səbəbləri aydınlaşır. İqtisadiyyatın məhsuldarlığının artırılması təkcə manatın sabitliyi deyil, bütövlükdə dayanıqlı iqtisadi artım üçün əsas hədəfdir.”

Vüsal Qasımlı həm də qlobal bazarlarda “qorxu indeksi”nin təsirlərinə də toxunub: ““Qorxu indeksi” – VIX-in (volatillik indeksi) bu il tarixi rekordlara qədər yüksəlməsi də göstərir ki, dünyada investorlar riskli aktivlərdən qaçırlar və inkişaf etmiş ölkələrdən artıq 100 milyard dollardan çox vəsait çıxıb. Bu hal bütün inkişaf etmiş ölkələrin tədiyyə balansı kəsirini bağlamaq üçün sərmayə cəlbini çətinləşdirir. Bu ilin ilk rübündə Azəraycanın tədiyə balansınında kəsirin yaranmasının səbəbi də daha çox kapital və maliyyənin hərəkəti hesabında 1,4 milyard dollar kəsir formalaşması ilə bağlı olmuşdur. Azərbaycan kimi “təhlükəsizlik” yastığı qalın olan ölkələr ehtiyat aktivlərin hesabına tədiyyə balansının kəsirini maliyyələşdirə bilirlər. Lakin belə üstünlüyü olmayan ölkələrdə real effektiv məzənnənin ucuzlaşması tədiyyə balansının kəsirinin qarşısını almaq üçün məhdud mübarizə üsullarından biridir. VIX-in (volatillik indeksi) 10 faiz ucuzlaşması inkişaf edən ölkələrin milli valyutalarının real effektiv məzənnəsini orta hesabla 2,5 faiz aşağı salır. Azərbaycanın strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi də tələb edir ki, cari əməliyyatlar balansında olan gərginlik xaricdən ölkəyə sərmayə cəlbi ilə tarazlaşdırılsın. Bunun üçün anti-böhran tədbirlərinə uyğun olaraq özəlləşdirmə, kapital amnistiyası, infrastrukturun yaxşılaşdırılması, insan kapitalının və institutların inkişafı, islahatların davam etdirilməsi və dövlətin təşviq alətləri həlledici ola bilər.”

“Beynəlxalq təcrübə göstərir ki, ölkə rezidentlərinin yerli aktivlərə sərmayə yatırması da milli valyutanın real effektiv məzənnəsinə müsbət təsir göstərir” deyən Vüsal Qasımlı bildirib ki, məsələn, yaponların yerli aktivlərə sərmayə yatırması iqtisadiyyatın maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır: “Bakı Fond Birjasında və birjadan kənar bazarda dövr olunan minlərlə şirkətlərin səhm və istiqrazlarına, Azərbaycan hökumətinin və Mərkəzi bankın notları və istiqrazlarına, həmçinin daşınmaz əmlak və digər aktivlərə, hətta yerli startaplara rezidentlərimizin sərmayə yatırması səmərəli olardı. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı (ADB) kimi investorların manatla borc verməsi milli valyutamızın real effektiv məzənnəsinə müsbət təsir edir. Yerli aktivlərə sərmayə yatırılması ölkədə bazar infrastrukturunun inkişafı, xüsusən də vasitəçilik institutlarından çox asılıdır. Məsələn, Azərbaycanda bir tərəfdən “EnterpriseAzerbaijan.com” portalına toplanan kifayət qədər startap, digər tərəfdən isə yığımını səmərəli yerləşdirmək istəyən çoxlu insanlarımız var. Amma inkişaf üçün vəsaitə ehtiyacı olan və  bu vəsaitə malik olan tərəfləri bir yerə gətirən vasitəçilər yetərincə deyil. Bu baxımdan ölkədə investisiya fondları, investisiya şirkətləri, brokerlər, kraudfandinq və kraudinvestinq platformalarının inkişaf etdirilməsinə ehtiyac var.”

V.Qasımlının fikrincə, beynəlxalq təcrübədə ÜDM-in gözlənilən artım proqnozlarının milli valyutanının real effektiv məzənnəsinə müsbət təsiri sübut olunub: “Bu il əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi geriləmə olacağı halda, növbəti ildən iqtisadi artımın bərpa olunması proqnozlaşdırılır. Hazırda hökümətdə növbəti il və daha sonrakı üç il üçün ÜDM proqnozları üzərində hesabalamalar gedir. BVF-nin panel hesablamalarına görə, ÜDM-in 1 faizlik artımı milli valyutanın real effektiv məzənnəsini 2,5 faiz yüksəldir.”

Onun qənaətinə əsasən, real effektiv məzənnəyə təsir göstərən amillərdən biri də xarici ticarət şərtidir: “Azərbaycanda bu il ixrac qiymətləri (əsasən də neft qiymətləri – red.), idxal qiymətlərinə nisbətən daha çox ucuzlaşıb. Beləliklə, xarici ticarət şərti pisləşib ki, bunun da real effektiv məzənnəyə təsiri mənfidir. Manatın məzənnəsi xarici şokların təsiri qarşısında amortizator rolunu oynayır. İndiki halda məzənnə siyasəti vasitəsilə hökumət və Mərkəzi Bank qlobal zərbənin yerli istehlakçılara təsirini yumşaldır. Tam üzən məzənnə siyasəti tətbiq olunan ölkələrdə xarici ticarət şərti pisləşəndə, dərhal daxili tələb və buna uyğun olaraq da idxal azalır. Azərbaycan kimi tənzimlənən məzənnə rejimi olan ölkələrdə də bu qədər çevik olmasa da, xarici ticarət şərtinin pisləşmə dərəcəsinə uyğun olaraq daxili tələbin və idxalın azalması baş verir. Buna “xərc effekti” deyilir. Bu ilin ilk 4 ayında həm də xarici ticarət şərtinin pisləşməsinə görə Azərbaycana idxal müqayisəli qiymətlərlə 40,5 faiz azalıb. Xarici ticarət şərtinin pisləşməsi “xərclərin yerdəyişməsi effekti”ni də yarada bilər. Belə ki, xarici ticarət şərti pisləşdiyindən, yerli istehlak və investisiyaları məhz yerli məhsulların istehsalına yönəltmək mümkündür. Beləliklə, təklif tərəfində  də resursları yerli qeyri-ticari məhsullardan ticari sektora yönəltmək olar. Məsələn, Azərbaycanda tibb sənayesinin inkişafı üçün pandemiya dövründə addımlar atılır. Bunun üçün də real effektiv məzənnənin yumşalması uyğun görünür.”

  Vüsal Qasımlı daha sonra deyib ki, özəl sektora verilən kreditlərin ÜDM-də xüsusi çəkisinin böyüməsi də milli valyutanın real effektiv məzənnəsini artırır: “Azərbaycanda pandemiya şəraitində kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi kredit portfelinin böyüməsinə imkan verir. Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edir və orta dünya göstəricisinə – 130 faizə çatması üçün böyük potensialı var. Dünya üzrə hesablamalar göstərir ki, özəl kredit portfelinin ÜDM-ə nisbətinin 10 faiz artması milli valyutanın real effektiv məzənnəsini 1,3 faiz bahalaşdırır.”

Vüsal Qasımlı sonda bildirib ki, manatın real effektiv məzənnəsinin yüksəlişi iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi, əhalinin alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərir: “İndiki halda seçim Azərbaycan vətəndaşının marağıdır.”

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı