Vüsal Qasımlı: Neft qiymətlərinin azalmasının dövlət büdcəsinə birbaşa təsiri cüzidir

Bu həftənin əvvəlində dünya bazarlarında neft qiymətlərinin hər barelə görə hətta texniki də olsa 30 dollara qədər enməsi və sonradan qismən sabitləşməsinin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Report”a şərh edib.

 Neft qiymətlərinin azalmasının dövlət büdcəsinə birbaşa təsiri cüzidir. Çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu vəsaitin büdcəyə verilməsində heç bir problem ola bilməz. Dövlət Neft Fondundan büdcəyə bu ilki transfert həcmi fondun ehtiyatlarının cəmi 15 faizini təşkil edir. Yəni Dövlət Neft Fondunun bundan sonrakı gəlirlərini nəzərə almasaq belə, bu həddə transferti həyata keçirmək üçün 7 il imkanımız var. Hansı ki, Dövlət Neft Fondu gələcək gəlirləri ilə birlikdə Azərbaycan xalqına onilliklərlə xidmət edəcək. Dövlət büdcəsi ilə yanaşı Dövlət Sosial Müdafiəsi Fondu və İşsizlikdən Sığorta Fondunun büdcələrinin də dayanıqlılığı təmin olunub. Bu ilin ilk iki ayında vergi orqanları proqnozdan 180 milyon manat, gömrük orqanları isə 70 milyon manat daha çox büdcə daxilolmasını təmin ediblər. Bu fakt onu göstərir ki, əvvəlki illərdə aparılan islahatlar, kölgə iqtisadiyyatının daralması, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı öz töhfəsini verir. Bu il proqnozlara görə dövlət büdcəsinin gəlirlərinin 56,1 faizini qeyri-neft sektoru təmin edəcək. Dövlət Neft Fondunun transfertindən başqa 2,180 milyard manatı da vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Belə ki, SOCAR-ın büdcə ödənişləri bu il 1 milyard 450 milyon manat proqnozlaşdırılır. SOCAR özü daha çox daxili bazara məhsul çıxardığından xarici bazarlarda neft qiymətlərinin volatilliyinin bu proqnoza təsiri az olacaq. Bu il Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 730 milyon manat nəzərdə tutulur ki, neft qiymətlərinin azalmasının bu maddəyə təsiri daha çox ola bilər. Azərbaycan höküməti əvvəlcədən bu riskləri hesablamışdır. Neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər. Etiraf edək ki, neftin ucuzlaşmasının icmal büdcəmizdə təsiri daha böyük ola bilər. Cari əməliyyatlar hesabımızda isə tarazlığı neftin qiymətinin hər barel üçün 40-45 dollar həddində qorumağı bacara bilərik. Kommersiya banklarının məcmu xarici aktivləri 7,1 milyard manat və xarici öhdəlikləri 1,6 milyard manat olmaqla, xalis xarici aktivləri 5,2 milyard manatdır. Kommersiya banklarımızın balansı müsbət zonadadır ki, bu da xarici şoklara qarşı bank sektorunu daha dözümlü edir. Adətən belə vəziyyətlərdə dollarlaşmanın güclənməsi ehtimalı narahatlıq doğurur. Lakin Azərbaycanda indiki halda onsuz da dollarlaşma səviyyəsi yüksəkdir. Depozitlərdə dollarlaşma səviyyəsi hazırda 55 faiz təşkil edir, hansı ki, 2015-ci ilin əvvəlində – devalvasiyalardan qabaq bu göstərici 37 faiz idi. Deməli, 5 il əvvələ nisbətən depozitlərin dollarlaşması təziyiqi üzrə potensial 1,5 dəfə azalıb. Əmanətlərin tam sığortlanması və manatla depozitlərin daha yüksək faizi də bazar üçün sakitləşdirici haldır. Kredit portfelində də xarici valyutanın xüsusi çəkisi 1/3-ə bərabərdi. Bu halda əhali və biznes özünü daha sakit aparır, banklarda valyuta satışı əvvəlki qaydasında gedir, manatın məzənnəsi sabitdir. Ajiotaj və panika yoxdur. Bu gün Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 268 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir. Əgər manatla ifadə olunan depozitə 5,51 faizlə tələb varsa, deməli, bank sektorunda heç bir panika yoxdur. Eyni zamanda bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində tələb və bankların nağd valyutaya olan tələbləri tam təmin olunmuşdur. Bütün bunlar neftin texniki olaraq 30 dollara qədər ucuzlaşması fonunda baş verdi. Əhalinin, biznesin və bankların belə soyuqqanlı davranışları təqdirəlayiqdir. Deməli, biz neftin aşağı qiymətlərinə lazımi immuniteti qazanmışıq. Bir sözlə, Azərbaycanda hökümət, biznes və əhali neftin aşağı qiymətlərinə həm 2015-ci ildəkinə nisbətən, həm də resursla zəngin digər region ölkələrilə müqayisədə daha yaxşı hazırlaşıblar. Bir də ki, neftin qiymətinin uzun müddət aşağı həddə qalması bazarın əsas oyunçularından – Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-ın heç birinin maraqlarına uyğun deyil. Sadəcə, koronavirus səbəbilə neftə olan tələbatın azalması, eyni zamanda bazar payları uğrunda mübarizəyə görə də təklifin artması indiki müvəqqəti situasiyanı yaradıb. Bütün hallarda Azərbaycan hökuməti riskləri hesablayaraq, adekvat addımlar atacaq.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı