Bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 15 milyon 778,6 min manat məbləğində vəsait geri qaytarılıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə, həmçinin fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasını əhatə edir.
Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri ödənilib.