Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.
ABŞ Ticarət Departamenti nümayəndəsi mətbuata açıqlamasında bu məsələyə qısa müddətdə həll yolu tapıla bilməyəcəyini vurğulasa da, “Fitch Ratings” müsbət proqnoz açıqlayıb. Sözügedən beynəlxalq reytinq agentliyinin araşdırmalarına əsasən, yarımkeçirici çip qıtlığının 2022-ci ilin ikinci yarısında artıq yumşalacağı göstərilib.
Araşdırmada yumşalmaya əsas səbəb kimi, “Samsung”, “Intel”, “TSMC” kimi texnologiya nəhənglərinin çip istehsalını artırmaq məqsədilə yeni zavodlar istifadəyə verməsi göstərilib.