Asiya sessiyasında neft qiymətləri yüksəlib. Səbəb – ABŞ və İran arasında davam edən gərginlik və bazarda artan risklə əlaqədardır.
Brent (aprel) – 69,64 dollar (+0,4%)
WTI – 64,74 dollar (+0,4%)
Bazar iştirakçıları Yaxın Şərqdə mümkün hərbi eskalasiya ehtimalını qiymətlərə daxil edir. Məlumatlara görə Vaşinqton bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərməyi nəzərdən keçirir, İranla nüvə danışıqlarında yekun razılaşma yoxdur. ABŞ-ın İran nefti daşıyan tankerləri müsadirə etməyi düşündüyü bildirilir. Analitiklər xəbərdarlıq edir ki, hər hansı hərbi gərginlik neftlə zəngin regionda hasilat və təchizata ciddi zərbə vura bilər. Analitiklər hesab edir ki, ABŞ-da yanvar ayı üzrə gözləniləndən güclü əmək bazarı göstəriciləri də neftə dəstək verib. Bu, dünyanın ən böyük yanacaq istehlakçısında tələbin güclü qalacağına işarədir. Lakin yüksəlişi məhdudlaşdıran amillər də istisna deyil. Belə ki, ABŞ-da xam neft ehtiyatları bir həftədə 8,5 milyon barel artıması (proqnozdan xeyli yüksək) və güclü iqtisadi göstəricilər faiz endirimi gözləntilərini azaldıb və dolları möhkəmləndirib. İlin əvvəlindəki kəskin soyuqların yaratdığı təchizat problemlərindən sonra ehtiyatların artması bazarda balansı dəyişib. Onu da bildirək ki, neft qiymətlərinin formalaşmasında Çin faktoru da gündəmdədir. Bazarlar yaxın günlərdə başlayacaq Ay Yeni ili tətili dövründə Çində səyahət və yanacaq tələbinə fokuslanacaq. Adətən bu dövrdə ölkədə hərəkətlilik və yanacaq istehlakı əhəmiyyətli dərəcədə artır.