Azərbaycanda yüksək kredit faizləri uzun illərdir biznesin inkişafına mane olan əsas amillərdən biri kimi qiymətləndirilir. İqtisadçı Eldəniz Əmirov hesab edir ki, sahibkarın biznesindən əldə etdiyi gəlirlilik bankın tətbiq etdiyi faiz dərəcəsindən aşağıdırsa, kredit inkişaf alətindən daha çox maliyyə yükünə çevrilir.
BBN.az xəbər verir ki, beynəlxalq təcrübə də bu yanaşmanı təsdiqləyir. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı, emal sənayesi, tikinti, nəqliyyat və ticarət kimi real sektor sahələrində xalis rentabellik əksər hallarda 5-10 % arasında dəyişir. Azərbaycanda isə bazar riskləri nəzərə alınsa belə, bir çox istehsal sahələrində gəlirliliyin 10-12 %-i aşması nadir hallarda müşahidə olunur.
Bu şəraitdə 15-20 % faizlə kredit götürən sahibkarın gəlir əldə etməsi çətinləşir. Kredit faizləri, vergi öhdəlikləri, əməkhaqqı, enerji və logistika xərcləri nəzərə alındıqda investisiya üçün motivasiya əhəmiyyətli dərəcədə azalır.
Bununla yanaşı, ekspertlər yüksək kredit faizlərinin yalnız bankların qərarı ilə formalaşmadığını vurğulayırlar. Faiz dərəcələrinə problemli kreditlərin səviyyəsi, girov təminatı, inflyasiya gözləntiləri, məhkəmə-hüquq sisteminin effektivliyi, maliyyə bazarındakı rəqabət və Mərkəzi Bankın pul siyasəti də ciddi təsir göstərir.
İqtisadiyyatın digər mühüm problemi isə bank sektorunun uzunmüddətli və ucuz maliyyə resurslarının məhdud olmasıdır. Bankların cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi qısamüddətli depozitlərdən ibarətdir. Halbuki istehsal və investisiya layihələrinin geri dönüş müddəti əksər hallarda 5-10 il təşkil edir. Bu uyğunsuzluq bankların risklərini artırır və kredit faizlərində öz əksini tapır.
Ekspertlər hesab edirlər ki, iqtisadiyyatın struktur problemləri də vəziyyətə təsir göstərir. Qeyri-neft sektorunun inkişafına baxmayaraq, istehsal, yüksək texnologiyalar və ixracyönümlü sənaye hələ də iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilməyib. Kiçik bazar, idxaldan asılılıq, yüksək logistika xərcləri və rəqabət mühitinin zəifliyi biznesin gəlirliliyini məhdudlaşdırır.
Bürokratik prosedurlar, bəzi sahələrdə inhisarçılıq meyilləri, sahibkarların maliyyə resurslarına çıxışının məhdudluğu və hüquq sisteminə etimadın zəifliyi də investisiya mühitinə mənfi təsir göstərən amillər sırasındadır.
İqtisadçılar bildirirlər ki, bu problemlər aradan qaldırılmadan kredit faizlərinin inzibati qaydada aşağı salınması arzu olunan nəticəni verməyə bilər. Risklərin yüksək qaldığı şəraitdə ucuz kreditlər ya bank sektorunun dayanıqlılığına mənfi təsir göstərə, ya da kreditləşmənin həcmini azalda bilər.
Mütəxəssislərin fikrincə, Azərbaycanda investisiya fəallığının artırılması və real sektorun inkişafı üçün bank sektorunda rəqabətin gücləndirilməsi, uzunmüddətli maliyyə mənbələrinin yaradılması, hüquqi mühitin təkmilləşdirilməsi, inhisarçılığın azaldılması, istehsal və ixracın stimullaşdırılması, eləcə də sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində kompleks islahatların həyata keçirilməsi vacibdir.
Yalnız bu halda kredit faizlərinin təbii şəkildə aşağı düşməsi, investisiya aktivliyinin artması və real sektorun iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi mümkün olacaq.