ABŞ-da özəl sektor üzrə məşğulluq göstəricilərinin zəif açıqlanması və federal hökumətin maliyyələşməsinin dayandırılması fonunda dollar son günlərdə dəyər itirsə də, bu gün bir qədər möhkəmlənib.
“BBN.az”ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 1 oktyabr tarixində ADP tərəfindən açıqlanan məlumatlarda ABŞ-ın özəl sektorunda sentyabr ayında gözlənilmədən 32 min iş yeri azaldığı bildirilib. Eyni zamanda, əvvəlki ayın məşğulluq göstəriciləri də aşağı yönlü revizə olunub.
Bu statistika bazarlarda Federal Ehtiyat Sisteminin (Fed) bu ilin sonuna qədər faiz dərəcələrini ən azı iki dəfə endirəcəyi gözləntilərini gücləndirib. Elə həmin gün ABŞ hökumətinin maliyyələşməsi də rəsmi olaraq dayandırılıb, bu isə rəsmi əmək bazarı göstəricilərinin açıqlanmasını qeyri-müəyyən vaxta qədər təxirə sala bilər.
Nəticədə, dollar indeksi (DXY) 1 oktyabr tarixində 97,606 səviyyəsinə düşərək son həftələrin ən aşağı göstəricilərindən birini nümayiş etdirib.
Lakin 2 oktyabr səhəri saatlarında ABŞ Ali Məhkəməsinin Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Lisa Kuk-un vəzifəsində qalması ilə bağlı qərarı dolların bir qədər möhkəmlənməsinə səbəb olub. Qərara əsasən, Ali Məhkəmə məsələni yalnız 2026-cı ilin yanvarında müzakirə edəcək və bu müddətə qədər Kuk vəzifəsində qalacaq.
Bu qərar Fed-in müstəqilliyi ilə bağlı narahatlıqları arxa plana keçirib, nəticədə dollar indeksi cüzi artaraq təxminən 97,80 səviyyəsinə yüksəlib.
Ekspert rəylərinə görə, ABŞ iqtisadiyyatında yavaşlama siqnalları və hökumət böhranı fonunda investorlar ehtiyatlı davranmağa davam edir, lakin Fed rəhbərliyində sabitlik müvəqqəti də olsa, dolların təzyiqlərdən qismən qurtulmasına imkan verib.