Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi üçün “Naxçıvanbank” ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesab qalıqlarının geri qaytarılması prosesinin əlçatanlığını artırır.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tətbiq olunan yenilik ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar üçün onlayn qaydada müraciət etmək imkanı yaradacaq. Belə ki, vətəndaşlar AMB-nin “Elektron Xidmətlər Portalı”nın “Elektron müraciətlər sistemi” vasitəsilə onlayn müraciət edərək mövcud qalıq vəsaitlərinin müvafiq bank hesablarına köçürülməsini təmin edə biləcək. Bu zaman şəxsiyyəti təsdiq edən sənədin surətini, müraciət şəxsin səlahiyyətli nümayəndəsi təqdim etdikdə isə nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və onun səlahiyyətlərini təsdiq edən sənədin surəti (etibarnamə), bank hesabı rekvizitləri və digər zəruri sənədlərin surəti müraciətə əlavə olunmalıdır.
Ərizələrini fiziki qaydada ünvanlamaq istəyən vətəndaşlar isə əvvəllər olduğu kimi AMB-nin Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Bu zaman fiziki şəxslər üçün vəsaitin məbləğindən asılı olmayaraq nağd qaydada, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə köçürmə yolu ilə ödənilməsi imkanı təqdim olunur. Elektron müraciət imkanlarından istifadə etməkdə çətinlik çəkən şəxslər AMB-nin 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə müraciət etməklə vəsaitlərin müvafiq bank hesablarına köçürülməsi üzrə müraciətlərini təqdim edə biləcəklər.
“Bu dəyişikliklər maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, xidmətlərdən istifadə zamanı əlçatanlığın və məmnunluğun artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır”, – deyə AMB bəyan edib.