Nvidia süni intellekt təhlükəsizliyi üçün yeni beynəlxalq alyans yaradıb
ABŞ-nin çip istehsalçısı Nvidia süni intellekt texnologiyalarının təhlükəsizliyini artırmaq məqsədilə Open Secure AI Alliance (Açıq Təhlükəsiz Süni İntellekt Alyansı) adlı yeni təşəbbüsə start verib.
BBN.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, alyansın əsas məqsədi açıq mənbə texnologiyalarından istifadə etməklə süni intellekt sistemlərində mövcud olan təhlükəsizlik risklərini müəyyən etmək, onların aradan qaldırılması üçün həllər hazırlamaq və əldə olunan nəticələri ictimaiyyətlə bölüşməkdir.
Yeni yaradılan alyansa texnologiya sektorunun bir sıra aparıcı şirkətləri qoşulub. Bunlar arasında Adobe, Cisco, Cloudflare, CrowdStrike, Dell Technologies, Hugging Face, IBM, Linux Foundation, Microsoft, Palantir, Palo Alto Networks, Red Hat, Salesforce, SAP, ServiceNow, Siemens, Snowflake və SK Telecom yer alır.
Bununla yanaşı, süni intellekt sahəsinin aparıcı oyunçuları hesab edilən OpenAI, Anthropic və Google alyansın ilk iştirakçıları sırasında yer almayıb. Nvidia bu şirkətlərin təşəbbüsə qoşulmamasının səbəbi ilə bağlı hər hansı açıqlama verməyib.
Şirkət hesab edir ki, yeni alyans süni intellekt sahəsində təhlükəsizlik standartlarının formalaşdırılmasına, açıq mənbə əsaslı əməkdaşlığın genişlənməsinə və etibarlı AI ekosisteminin inkişafına töhfə verəcək.