Azərbaycanda ipoteka kreditlərinin verilməsi prosesində süni intellekt texnologiyalarından istifadə imkanları nəzərdən keçirilir.
BBN.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev açıqlayıb.
Onun sözlərinə görə, Fondun qarşıdakı dövr üçün əsas istiqamətlərindən biri dövlətin strateji prioritetlərinə uyğun olaraq xidmətlərin rəqəmsal transformasiyasını sürətləndirməkdir.
Rasim Abdullayev bildirib ki, 2026–2028-ci illərdə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının sürətləndirilməsi ilə bağlı tədbirlər planından irəli gələn vəzifələr çərçivəsində Fond tərəfindən də müvafiq işlər həyata keçirilir.
Əsas hədəflər sırasında rəqəmsal xidmətlərin inkişaf etdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşməsinə və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə inteqrasiyası, vətəndaşlardan tələb olunan sənədlərin toplanması prosesinin minimuma endirilməsi, xidmətlər zamanı fiziki təmasların azaldılması və mənzil maliyyələşdirmə imkanlarının daha əlçatan olması yer alır.
Fond rəsmisi qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və Azərbaycanın iqtisadi reallıqları nəzərə alınmaqla müvafiq layihələr üzərində iş aparılır.
Bundan əlavə, Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzrə dövlət qurumları ilə məlumat inteqrasiyasının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Hazırda sistem 8 dövlət qurumu ilə aktiv məlumat mübadiləsi həyata keçirir. Növbəti mərhələlərdə bu sayın artırılması planlaşdırılır və bununla bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.
Rasim Abdullayev ipoteka kreditləşməsi zamanı tələb olunan sənədlərlə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, Fond rəqəmsallaşma sahəsində ölkədə öncül qurumlardan biridir və bir çox xidmətlərini hələ 2013-cü ildən elektron formada təqdim edir.
O qeyd edib ki, tələb olunan sənədlərin siyahısı dəfələrlə sadələşdirilib və hazırda onların böyük hissəsi elektron sistemlər vasitəsilə əldə olunur. Buna görə də vətəndaşların sənədləri fiziki şəkildə banka təqdim etməsinə ehtiyac əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Fond rəsmisi vurğulayıb ki, qarşıdakı dövrdə də xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlarla fiziki təmasın mümkün qədər minimuma endirilməsi istiqamətində işlər davam etdiriləcək.