2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub.
Yeni imkan məzunlara təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada çıxış əldə etməyə imkan verir.
Hazırda xidmət yalnız my.gov.az portalında aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin “mygov” mobil tətbiqində də əlçatan olması gözlənilir.
Məzunlar elektron sənədlərinə portalın “Təhsil” bölməsində yerləşən “Elektron təhsil sənədlərim” xidməti vasitəsilə baxa bilərlər. Xidmətə daxil olduqda vətəndaşın adına mövcud olan elektron təhsil sənədləri siyahı şəklində təqdim olunur. Müvafiq sənədi seçməklə onun rəqəmsal versiyasına baxmaq mümkündür.
Rəqəmsal təhsil sənədlərinin həqiqiliyini yoxlamaq üçün sənəd üzərindəki QR kodu kamera vasitəsilə oxutmaq və ya Elm və Təhsil Nazirliyinin “Sənəd Yoxlama” səhifəsində sənədin nömrəsi və doğum tarixini daxil etmək mümkündür.
Qeyd edək ki, indiyədək vətəndaşlara aid diplom və bir sıra digər təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub. Əvvəlki illərin məzunları da diplomlarına platforma vasitəsilə baxa bilərlər.