Son üç il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə 17 mindən çox müraciət daxil olub və fundamental istiqamət üzrə 420 mütəxəssis hazırlanaraq məzun olub.
BBN.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sonuncu dalğa istisna olmaqla, əvvəlki 6 dalğanın məzunlarının işə qəbul göstəricisi 90%-ə yaxınlaşıb. Məzunlar əmək bazarının müxtəlif istiqamətlərində fəaliyyət göstərirlər.
Şahmar Hacıyahyayev bildirib ki, tərəfdaş dövlət və özəl qurumlardan cəlb olunan əməkdaşlar üçün ixtisasartırma (“upskilling”) təlimləri də təşkil edilib. Ümumilikdə 160 nəfər bu proqramlarda iştirak edib, onlardan 40 nəfəri cari ildə təlimlərə qoşulub.
O qeyd edib ki, Mərkəzin fəaliyyəti yalnız təlim və tədrislə məhdudlaşmır. Kibertəhlükəsizlik sahəsində beynəlxalq müsabiqələrə hazırlıq prosesi də həyata keçirilir.
Departament direktoru “Cyber Collab” istiqamətində ölkədə kibergigiyena immunitetinin gücləndirilməsi və kiber dayanıqlığın formalaşdırılması məqsədilə müxtəlif layihələrin icra olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu çərçivədə 53-dən çox qurumla əməkdaşlıq edilib və 7 mindən çox əməkdaşı əhatə edən kibergigiyena və kiber maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı kiber dayanıqlıq üzrə simulyasiyalar aparılıb və müxtəlif proqramların tətbiqi fəaliyyət planına daxil edilib.
Şahmar Hacıyahyayev əlavə edib ki, Azərbaycanda kibertəhlükəsizliyin yalnız mütəxəssislər səviyyəsində deyil, həm də yüksək rəhbərlik səviyyəsində prioritet məsələ kimi qəbul edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə müxtəlif dövlət qurumlarının və fintech şirkətlərinin yüksək rəhbər heyətləri üçün də kiber maarifləndirmə tədbirləri təşkil olunub.