ABŞ və İran arasında yeni razılaşma siqnalları neft qiymətlərini aşağı salıb.
BBN.az xəbər verir ki, Qətər və Pakistanın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok kurortunda keçirilən danışıqlardan sonra tərəflərin 60 gün ərzində yekun sazişə nail olmaq üçün yol xəritəsi üzərində razılığa gəldiyi bildirilib. Texniki danışıqların həftəboyu davam etdirilməsi və prosesi nəzarətdə saxlayacaq yüksək səviyyəli komitənin yaradılması planlaşdırılır.
Məlumata görə, danışıqlar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı xəbərdarlığı fonunda baş tutub. Eyni zamanda İran Hörmüz boğazını yenidən bağladığını açıqlayıb.
Xəbərlərin təsiri ilə əvvəlcə yüksələn Brent markalı neftin avqust fyuçersləri sonradan 0,38% ucuzlaşaraq bir barel üçün 80,26 dollara enib. WTI markalı neft isə əvvəlki artımını qismən itirsə də, 77,52 dollar səviyyəsində qalıb.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdən neft tədarükü hazırda müharibədən əvvəlki səviyyələrə yaxın olsa da, bu əsasən ehtiyatların bazara çıxarılması hesabına təmin edilir. Goldman Sachs isə hesab edir ki, regionda uzunmüddətli tədarük problemləri elektrik avtomobillərinə keçidi sürətləndirərək gələcəkdə neftə tələbi azalda bilər.