Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində regional rəqəmsal ticarət təşəbbüsünün icrasına start verib. Sözügedən layihədə Azərbaycan da iştirak edən ölkələr sırasındadır.
BBN.az xəbər verir ki, məlumata görə, layihə CAREC Integrated Trade Agenda 2030 strategiyasının ikinci mərhələsi üzrə nəzərdə tutulan “Rəqəmsal ticarətin sürətləndirilməsi” adlı texniki yardım alt-layihəsi çərçivəsində həyata keçirilir. Proqramın maliyyələşdirilməsi 900 min ABŞ dolları həcmində olmaqla, Koreya Respublikasının e-Asia və Knowledge Partnership Fund fondu tərəfindən təmin edilir. Layihənin icrasına birbaşa ADB cavabdehdir.
ADB-nin açıqladığı layihə sənədlərində bildirilir ki, təşəbbüs çərçivəsində Azərbaycan daxil olmaqla CAREC üzv ölkələrində ticarət sənədlərinin elektronlaşdırılması, e-ticarət sahəsində model qaydalar, prinsiplər və standartların təşviqi, həmçinin sərhədlərarası məlumat mübadiləsini tənzimləyən idarəetmə mexanizmlərinin formalaşdırılması planlaşdırılır.
Bununla yanaşı, layihə sərhədlərarası rəqəmsal ödənişlərin qəbulunda mövcud maneələrin aradan qaldırılmasını, müxtəlif ölkələrdə tətbiq olunan ödəniş siyasətləri və sistemləri arasındakı uyğunsuzluqların azaldılmasını, eləcə də ticarət proseslərinə təsir edən texniki və institusional boşluqların minimallaşdırılmasını hədəfləyir.
ADB-nin qiymətləndirməsinə əsasən, layihənin icrası CAREC ölkələrinin, o cümlədən Azərbaycanın regional və qlobal rəqəmsal ticarət ekosistemlərinə inteqrasiyasını gücləndirəcək. Eyni zamanda, dövlət qurumları və ticarət strukturlarının siyasət hazırlığı, koordinasiya və icra imkanları genişlənəcək, rəqəmsal ticarət sahəsində bilik bazası və institusional potensial artırılacaq.
Qeyd olunur ki, layihə CAREC Integrated Trade Agenda 2030 çərçivəsində regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir və CAREC proqramı üzrə qəbul edilmiş Bakı Bəyannaməsi də daxil olmaqla, iqlim, innovasiya və ticarət istiqamətində qəbul olunmuş regional siyasət sənədləri ilə uzlaşır.