Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun gücləndirilməsi sahəsində aparıcı rolunu nəzərə alaraq, “İnteqrasiya, logistika və inkişaf naminə sərhəd keçid məntəqələrinin modernləşdirilməsi” adlı regional layihəyə kredit ayırmağı nəzərdən keçirir.
BBN.az ADB-yə istinadən bildirir ki, layihə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı da əhatə edir.
Azərbaycanın gömrük sisteminin rəqəmsallaşdırılması, sərhəd keçid məntəqələrinin yenilənməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əldə etdiyi təcrübə layihədə iştirak edən digər ölkələr üçün nümunə kimi qiymətləndirilir.
Layihənin ümumi büdcəsi 50 milyon ABŞ dolları təşkil edir və maliyyələşmənin ADB-nin öz kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır.
Layihə konsepsiyasının təsdiqinin 26 noyabr 2027-ci il, kredit razılaşmasının isə 2028-ci il ərzində təsdiqlənməsi gözlənilir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəlib. Ən çox maliyyə ayrılan sahələr isə nəqliyyat (1,5 milyard dollar) və enerji sektoru (1,7 milyard dollar) olub.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB-nin Azərbaycana 2,5 milyard ABŞ dollarınadək əlavə investisiya yatırmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb və baş ofisi Manilada yerləşir. Bankın 69 üzv ölkəsi var ki, onların 50-si Asiya-Sakit okean regionuna daxildir.