Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Ağsu və Zərdab rayonlarında keçirilib.

Toxum sərgi-satış yarmarkalarında Mərkəzi Aran və Dağlıq-Şirvan iqtisadi rayonlarından olan toxumçu fermerlər və toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edib, öz məhsullarının nümayiş və satışını həyata keçiriblər.

Yarmarkalarda əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə iştirakçılara məlumat verilib.

Rəsmi açılış hissəsində çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ötən ildən fərqli olaraq Mərkəzin təşkilatçılığı ilə bu il toxum sərgi-satış yarmarkalarının 9 iqtisadi rayon üzrə 13 bölgədə keçiriləcəyini qeyd edib. Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb. Qeyd olunub ki, ötən il 7 iqtisadi rayonu əhatə etməklə 8 toxum sərgi-satış yarmarkası keçirilib.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib ki, yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov bildirib ki, payızlıq əkinlər ərəfəsində müxtəlif bölgələrdə bu cür toxum sərgi satış yarmarkalarının təşkili fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxuma əlçatanlığını təmin edir. Rəhbərlik etdiyi ictimai təşkilatın bu cür tədbirlərə daim dəstək verdiyini vurğulayan birlik sədri ötən illərdə təşkil olunmuş belə yarmarkalarda keyfiyyətli toxum almış fermerlərin bol məhsul əldə etdiyini xatırladıb və kənd təsərrüfatı məhsullarının istehsalçılarını sərgi-satış yarmarkasının yaratdığı imkanlardan faydalanmağa çağırıb.

Yarmarkada rayonlaşdırılmış və sertifikatlı toxumlar nümayiş olunub, mütəxəssislər tərəfindən fermerlərə dənli bitkilərin və tərəvəzlərin əkin texnologiyası ilə bağlı tövsiyələr verilib. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri fermerlər üçün “Buğda və arpanın sertifikatlaşdırılması” mövzusunda məlumatlandırma sessiyası təşkil ediblər.

Ağsuda Mərkəzi Aran iqtisadi rayonunun yekun tədbiri olaraq keçirilmiş Aqrar Biznes Festivalında da kənd təsərrüfatına dair müxtəlif məhsul və avadanlıqlar sərgilənib. Tədbirdə iştirak edən dövlət qurumları və özəl şirkətlər fəaliyyət istiqamətlərinə uyğun olaraq öz xidmətləri barədə iştirakçılara məlumat verərək, məhsullarını təklif ediblər.

Festival çərçivəsində toxum sərgi-satış yarmarkası ilə yanaşı “Mərkəzi Aran iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə ölkədə fəaliyyət göstərən yerli özəl şirkətlərin mütəxəssisləri öz təcrübələrini bölüşüb, regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Ağsu və Zərdab rayonlarında keçirilən tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.

Qeyd edək ki, toxum sərgi-satış yarmarkalarının müxtəlif regionlarında keçirilməsində əsas məqsəd toxum bazarının daha da inkişafına nail olmaq, fermerlərin sertifikatlı toxumlara əlçatanlığını təmin etməkdir.

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı