Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı 2026 və 2027-ci illər üzrə proqnozlarını açıqlayıb.
Bankın hesabatına əsasən, Azərbaycanda ÜDM artımı 2026-cı ildə 2%, 2027-ci ildə isə 1,8% səviyyəsində gözlənilir. Qeyd olunur ki, artım tempinin zəifləməsi əsasən neft hasilatının azalması ilə bağlıdır.
AİB-in qiymətləndirməsinə görə, aqrar sektor 2026-cı ildə 1,4%, 2027-ci ildə isə 1% artacaq. Sənaye istehsalında isə artım daha zəif olacaq – müvafiq olaraq 0,2% və 0,1%.
Hesabatda dövlət maliyyəsi ilə bağlı göstəricilərə də yer verilib. Belə ki, dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2%-i, 2027-ci ildə isə 2,1%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) transfertlərinin 2026-cı ildə ÜDM-in 9,3%-ni təşkil edəcəyi gözlənilir.
Bundan əlavə, dövlət büdcəsi xərclərinin ÜDM-in 30,3%-i səviyyəsində olacağı, bunun 10,2%-nin isə dövlət əsaslı vəsait qoyuluşlarına yönəldiləcəyi bildirilib.
AİB inflyasiya ilə bağlı da proqnozlarını açıqlayıb. Belə ki, ölkədə orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 4,9% olacağı gözlənilir. Bank qeyd edir ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması idxal xərclərini artıraraq inflyasiyanı yüksəldəcək, 2027-ci ildə isə bu təzyiqlər azalacaq.
Qeyd edək ki, AİB 2026-cı il üzrə əvvəlki proqnozu ilə müqayisədə artım qiymətləndirməsini 2,2 faiz bəndi artırıb, 2027-ci il üzrə proqnoz isə ilk dəfə təqdim olunub.