Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində dəyəri 5,5 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, sabah da bir sıra vacib sənədlərin imzalanması gözlənilir:
“Bu sənədlər investisiya layihələrini əhatə edəcək”.
Nazir həmçinin bugünkü tədbirin əhəmiyyətini vurğulayıb:
“Avqustun 8-də Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədin məntiqi nəticəsi olaraq Cənubi Qafqazda iqtisadi fəallığın artırılması üçün imkanlar genişlənməkdədir. Forumun iştirakçılarının sayı və keyfiyyəti Azərbaycana biznes marağının hansı səviyyədə olduğunu açıq şəkildə göstərir. Siyasi baxımdan forum Prezident İlham Əliyevin himayəsi altında həyata keçirilir”.
Xatırladaq ki, Forum işini sabah yekunlaşdıracaq.
Mənbə: Report.az