Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsi məqsədilə Böyük Britaniyanın “Chartered Insurance Institute” (CII) ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına başlayıb.
BBN.az xəbər verir ki, bu əməkdaşlıq maliyyə sektorunun insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin davamı olaraq növbəti mühüm mərhələ hesab edilir.
Bununla bağlı AMB-nin baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə CII-nin baş icraçı direktoru Metyu Hil arasında görüş keçirilib. Görüşdə Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafı, eləcə də ölkənin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər əməkdaşlıq çərçivəsində CII-nin professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramının həyata keçirilməsi barədə ilkin razılıq əldə ediblər.
Proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, həmçinin bu sahədə karyera qurmaq istəyən şəxslər sığorta və risklərin idarə olunması üzrə beynəlxalq səviyyədə tanınan peşəkar təhsil imkanlarından yararlana biləcəklər.
AMB hesab edir ki, bu təşəbbüs əmək bazarının müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycanın maliyyə sektorunun beynəlxalq standartlara daha da yaxınlaşmasına töhfə verəcək.