Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətlərinin fəaliyyətinə dair yeni tənzimləyici çərçivəni təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” qüvvəyə minəcək.
Yeni qaydaya görə, investisiya şirkətlərinin məcmu kapitalı onların biznes strategiyasını dəstəkləməli, eyni zamanda daxili və xarici mühitdə baş verə biləcək mənfi dəyişikliklər zamanı maliyyə dayanıqlığını təmin etməlidir. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilmiş maliyyə alətləri daxil ediləcək.
Bundan əlavə, investisiya şirkətlərinin nizamnamə kapitalı, o cümlədən xarici investisiya şirkətlərinin filialları üçün nəzərdə tutulan vəsaitlər yalnız Azərbaycanın milli valyutası ilə formalaşdırılmalıdır.
Qayda rəsmi dərc edildiyi tarixdən 6 ay sonra qüvvəyə minəcək.