Azərbaycanda virtual aktivlər və kriptovalyutalar bazarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin bu ilin sonuna qədər qəbul edilməsi gözlənilir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib.
F.Tofidi bildirib ki, bu, Mərkəzi Bank üçün mühüm nailiyyət hesab olunur. O qeyd edib ki, sözügedən sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni istiqamət sayılır.
Departament direktoru əlavə edib ki, proses plan üzrə davam edərsə, ilin sonuna qədər kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsinin təsdiqlənməsi mümkün olacaq. Onun sözlərinə görə, bu istiqamətdə AMB-nin müvafiq komandası intensiv fəaliyyət göstərir.
Mənbə: “Report”