Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Maliyyə ekosistemində "yaşıl inkişaf" hədəfləri genişləndirilir - BBN

AMB: Maliyyə ekosistemində “yaşıl inkişaf” hədəfləri genişləndirilir

Azərbaycan maliyyə ekosistemində “yaşıl inkişaf” hədəfləri genişləndirilir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar” tədbirində bildirib.

“Dünyanın getdikcə daha mürəkkəb iqtisadi, sosial və ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair kollektiv öhdəliyimiz əvvəlkindən daha çox aktuallıq daşıyır. 2030-cu il Gündəliyinə doğru irəliləyiş qeyri-bərabər olsa da, tərəfdaşlıq, innovasiya və ortaq məsuliyyəti təşviq edən bu kimi toplantılar davamlı inkişaf üçün istiqamət müəyyən etməyə xidmət edir. Bu gün biz maliyyənin dayanıqlı və inklüziv inkişaf üçün necə katalizator rolunu oynaya biləcəyini müzakirə etmək üçün unikal imkana sahibik.

Məsələlərin aktuallığı bütün sektorlar üzrə əlaqələndirilmiş fəaliyyət tələb edir və maliyyə dayanıqlı gələcəyin formalaşmasında mühüm rol oynayır. AMB ölkənin maliyyə makro-tənzimləyici qurumu kimi dayanıqlı, inklüziv və “yaşıl maliyyə” üçün əlverişli ekosistemin qurulmasına sadiqdir. Bu yanaşma yalnız risklərin azaldılmasına deyil, eyni zamanda dayanıqlı inkişafın yaratdığı imkanlardan səmərəli istifadəyə xidmət edir”, – deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi əlavə edib ki, Azərbaycan dayanıqlı maliyyə sisteminə keçidi dərinləşdirir: “Dayanıqlı maliyyə sisteminə doğru yolçuluğumuz 2023-cü ildə Dayanıqlı Maliyyə Yol Xəritəsinin qəbul edilməsi ilə başlayıb. Bu Yol Xəritəsi maliyyə institutlarımızın yaşıl iqtisadiyyatın dəyişən tələblərinə uyğunlaşmasını təmin edir və yaşıl maliyyə sahəsində bazar iştirakçıları ilə əməkdaşlıq üçün AMB-nin prioritetlərini müəyyənləşdirir”.

“Bu çərçivədə biz 4 əsas sütun müəyyən etmişik: Birincisi, maliyyə institutlarının potensialının artırılmasıdır. Bu, həm insan kapitalının gücləndirilməsini, həm də rəqəmsal infrastrukturun inkişafını əhatə edir. İkinci sütun tənzimləmə boşluqlarının aradan qaldırılmasıdır ki, bu da maliyyə bazarı iştirakçıları üçün aydın və çevik qaydaların formalaşdırılmasını nəzərdə tutur. Üçüncü sütun ESG (ekoloji, sosial və korporativ idarəetmə) risklərinin ümumi risk idarəetmə sistemlərinə inteqrasiyasıdır. Dördüncü sütun isə şəffaflığın artırılması və bazar intizamının gücləndirilməsidir ki, bu da maliyyə sisteminin dayanıqlılığı üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşmaya uyğun olaraq, indiyədək bir sıra mühüm təşəbbüslər həyata keçirilib. Onlardan biri maliyyə bazarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün hazırlanmış Milli Yaşıl Maliyyə Taksonomiyasıdır. Bu təsnifat sistemi şəffaflığı artırmaqla yanaşı, yaşıl kapitalın cəlb edilməsinə də töhfə verəcək”, – deyə Ş.Mahmudzadə vurğulayıb.

Related posts

Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək

AMB: Dayanıqlı maliyyələşmənin genişləndirilməsi əsas istiqamətimizdir

“Kredit Qərarlarinin Verilməsi Simulyasiyasi” təlimi uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı