Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı ilə “Açıq bankçılıq: Azərbaycan təcrübəsi” (Open Banking: Azerbaijan Experience) mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinar zamanı Azərbaycanın Açıq bankçılıq üzrə təcrübəsi bir sıra beynəlxalq nümunələrlə müqayisədə daha sürətli və effektiv icra olunduğu vurğulanıb. Qısa müddət ərzində ekosistemin əsas iştirakçıları olan bütün bankların Açıq Bankçılıq ekosisteminə qoşulması və platformada aktiv fəaliyyət göstərməsi ölkədə rəqəmsal transformasiyanın, eləcə də Açıq bankçılığın faydalarının həm tənzimləyici qurumlar, həm də bazar iştirakçıları tərəfindən yüksək səviyyədə dəstəkləndiyini nümayiş etdirir.
Məhz əldə olunan bu nəticələr və formalaşan uğurlu əməkdaşlıq modeli Azərbaycanın təcrübəsinə beynəlxalq marağı artırıb, müxtəlif ölkələrdən olan iştirakçıların vebinarda fəal iştirakını və mövzu ətrafında geniş müzakirələrin aparılmasını şərtləndirib.
Vebinar çərçivəsində Azərbaycanda Açıq bankçılıq funksionallığının yaradılması və inkişafı istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də Açıq maliyyə (Open Finance) konsepsiyasına keçid perspektivləri təqdim olunub.
Görüş zamanı Açıq bankçılıq funksionallığının həm biznes, həm də texniki aspektləri, tətbiq edilən həllər və tənzimləyici çərçivə barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Beləliklə, müxtəlif ölkələri təmsil edən 170-dən çox nümayəndə Azərbaycanın Açıq bankçılıq sahəsində formalaşdırdığı təcrübə və tətbiq etdiyi yanaşmalar barədə ətraflı məlumat əldə edib.
Tədbirin sonunda iştirakçılara Açıq bankçılıq sahəsində istifadə olunan metodoloji materiallar və təqdimat sənədləri təqdim olunub.