Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədini təsdiqləyib.
Sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə metodoloji dəstək göstərmək, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunmasını gücləndirmək, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına töhfə verməkdir.
Metodoloji rəhbərlik banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta və təkrarsığorta şirkətləri, sığorta vasitəçiləri, investisiya şirkətləri və fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.
Sənəddə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satışdan sonrakı xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilib.
Bununla yanaşı, metodoloji rəhbərlikdə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, maliyyə məhsullarının hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı ilə bağlı yanaşmalar da öz əksini tapıb.
AMB-nin qiymətləndirməsinə görə, metodoloji rəhbərliyin tətbiqi maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə, eləcə də maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verəcək.