Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi”ni qəbul edib.
Sənəd “2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində hazırlanıb. Kodeksin məqsədi maliyyə sektorunda peşəkarlığın artırılması, etik davranış standartlarının vahidləşdirilməsi və bütün maliyyə peşəkarları üçün vahid davranış çərçivəsinin formalaşdırılmasıdır.
Məlumata görə, kodeks etik prinsiplərə əməl olunması üçün etibarlı istinad mənbəyi rolunu oynayacaq, həmçinin nəzarət subyektlərinin mövcud daxili etik kodekslərini təkmilləşdirməsi və yeni kodekslər hazırlaması üçün institusional dəstək funksiyasını yerinə yetirəcək.
Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqini təmin edən mexanizmlər öz əksini tapıb. Kodeks peşəkarların müştərilər, maliyyə institutları, həmkarlar, qanunvericilik, cəmiyyət və ətraf mühit qarşısında davranış standartlarını müəyyənləşdirərək peşəkar məsuliyyət anlayışını gücləndirir.
AMB hesab edir ki, bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkar inkişaf üçün dayanıqlı mühitin yaradılmasına, sektorun davamlı inkişafı və sabitliyinin təmin olunmasına, eləcə də istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına töhfə verəcək.