Süni intellektdən istifadə zamanı fərdi və həssas məlumatların bulud əsaslı sistemlərə ötürülməsi ciddi təhlükəsizlik riskləri yarada bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları məlumatlara çıxışı sürətləndirsə və iş proseslərini asanlaşdırsa da, təhlükəsizlik məsələləri diqqətdə saxlanılmalıdır.
“Fərdi və həssas məlumatlar heç bir halda süni intellekt sistemlərinə ötürülməməlidir. İstifadə etdiyimiz bir çox süni intellekt xidmətləri bulud əsaslıdır və bu sistemlərə ötürülən məlumatlar müəyyən risklər yarada bilər. Həmin məlumatlar potensial olaraq sonradan istifadəçiyə qarşı istifadə oluna bilər”, – deyə E.Eyvazlı qeyd edib.
O bildirib ki, təşkilatlar süni intellektdən istifadə edərkən məlumatların məxfiliyini və dəyərini düzgün qiymətləndirməlidirlər.
“İstənilən sənəd və ya məlumatla işləyərkən onun nə dərəcədə həssas və konfidensial olduğunu müəyyən etmək vacibdir. Məlumatın paylaşılıb-paylaşılmayacağı ilə bağlı qərar da bu qiymətləndirmədən sonra verilməlidir”, – deyə AMB rəsmisi vurğulayıb.
E.Eyvazlı əlavə edib ki, kibertəhlükəsizlik sahəsində davamlı hazırlıq və güclü kibergigiyena müasir dövrdə bütün təşkilatlar üçün əsas prioritetlərdən biridir.