Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını verəcək.
Məlumata görə, qərarla bağlı mayın 6-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, AMB ilin əvvəlində uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirib. Faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində müəyyənləşdirilib. Bununla belə, aprelin 2-də qəbul edilən son qərarda bu parametrlər dəyişdirilməyərək sabit saxlanılıb.
AMB bildirib ki, faiz dəhlizi üzrə qərarlar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 %) ilə uyğunluğu, regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürülmə xüsusiyyətləri nəzərə alınır.
Qurum vurğulayıb ki, növbəti qərar inflyasiyanın dinamikası və yenilənmiş makroiqtisadi təhlillərin nəticələri əsasında formalaşdırılacaq.