Mərkəzi Bank tərəfindən yeni AZQR standartları hazırlanıb və bu sistem yalnız “Birbank” tətbiqində deyil, digər banklarda da tətbiq olunmağa başlayacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülər Paşayeva Bakı Ali Neft Məktəbində keçirilən “Banklar forumu və sərgisi” tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda AZQR kod vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə bağlı tələblər artıq təsdiq edilib və bu sistem bütün banklar üzrə geniş tətbiq olunacaq.
G.Paşayeva QR ödənişlərinin maliyyə sisteminin dayanıqlılığına müsbət təsir göstərdiyini də qeyd edib. O bildirib ki, QR ödənişləri üçün fiziki karta və digər fiziki vasitələrə ehtiyac olmur.
“Mastercard” və “Visa” kimi beynəlxalq ödəniş sistemləri mövcuddur. Bu sistemlərin kartları ilə ödəniş edildikdə banklar həmin sistemlərə müəyyən komissiya haqları ödəyirlər. QR kod vasitəsilə ödənişlər isə bu kimi əlavə xərclərin və kart istehsalının qarşısını alır”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu yanaşma həm banklar, həm maliyyə sektoru, həm də istehlakçılar üçün əlavə xərclərin azalmasına səbəb olur.
AMB rəsmisi həmçinin qeyd edib ki, bankların təqdim etdiyi “kəşbək” kampaniyaları da əsasən ilkin mərhələdə reklam və müştəri cəlb etmə məqsədi daşıyır.