Azərbaycanda yerli sukuk bazarının inkişafı üçün ilk növbədə bu maliyyə alətinin hüquqi statusunu müəyyən edən qanunvericilik bazasının formalaşdırılması vacibdir.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) Trend-in sorğusuna cavabında bildirib.
Mərkəzi Bank qeyd edib ki, İslam İnkişaf Bankı İnstitutu (IsDBI) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) birgə hesabatında Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk emissiyasını həyata keçirə biləcəyi proqnozlaşdırılır. AMB bu qiymətləndirməni ölkənin kapital bazarının inkişaf potensialını əks etdirən müsbət proqnoz kimi dəyərləndirib.
Bununla yanaşı, tənzimləyici qurum vurğulayıb ki, ilk sukuk emissiyasının reallaşması bazar iştirakçılarının marağı, investor tələbi, hüquqi bazanın təkmilləşdirilməsi və makroiqtisadi şəraitdən asılı olacaq.
Məlumata görə, hazırda AMB tərəfindən İslam İnkişaf Bankının dəstəyi və beynəlxalq ekspertlərin iştirakı ilə sukukun hüquqi çərçivəsinin formalaşdırılması istiqamətində beynəlxalq təcrübə öyrənilir. Bu çərçivədə yerli maliyyə bazarının xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla xarici təcrübənin tətbiqi imkanları qiymətləndirilir.
Mərkəzi Bank həmçinin bildirib ki, 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq, öz mandatı çərçivəsində sukuk alətinin tətbiqi və bu sahədə zəruri hüquqi və bazar infrastrukturunun yaradılması istiqamətində tədbirləri davam etdirəcək.
Xatırladaq ki, IsDBI də Azərbaycanda sukuk bazarının formalaşdırılması istiqamətində AMB ilə əməkdaşlıq etdiyini açıqlayıb. İnstitutun baş direktor vəzifəsini icra edən Sami Əl-Süveylim bildirib ki, qurum sukuk buraxılışı mexanizminin hazırlanmasına, həmçinin islam bankları və digər islam maliyyə institutları üçün normativ-hüquqi bazanın formalaşdırılmasına dəstək verir.
Onun sözlərinə görə, sukuk ölkədə layihələrin maliyyələşdirilməsi üçün əlavə resurs mənbəyi yaradacaq və İslam İnkişaf Bankının Azərbaycan iqtisadiyyatına dəstəyinin genişlənməsinə imkan verəcək.
Qeyd edək ki, IsDBI və ITFC-nin “Azərbaycanda islam maliyyəsi: yeni üfüqlərin açılması” adlı birgə hesabatında Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk buraxılışını həyata keçirə biləcəyi bildirilir. Hesabatda bu hədəfin reallaşması üçün dəstəkləyici tənzimləyici mühitin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və zəruri bazar infrastrukturunun formalaşdırılması əsas şərtlər kimi göstərilir.
trend.az