Azərbaycan iqtisadiyyatının artımı 2026-cı ildə 2%-ə yüksələcək.
BBN.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb.
Bankın qiymətləndirməsinə görə, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə 1,4%-ə qədər yavaşıb. 2026-cı ilin birinci rübündə isə iqtisadiyyat illik müqayisədə 0,3% kiçilib. Buna səbəb neft-qaz sektorunda istehsalın 1,2% azalması və qeyri-neft sektorunda artım tempinin 0,2%-ə qədər zəifləməsi olub.
Hesabata əsasən, 2026-cı ilin ilk rübündə inflyasiya orta hesabla 5,7% təşkil edib və Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb.
EBRD qeyd edir ki, büdcə profisiti 2024-cü ildə ÜDM-in 4,1%-i olduğu halda, 2025-ci ildə təxminən 2,6%-ə enib. Dövlət və dövlət zəmanətli borcun səviyyəsi isə aşağı olaraq qalaraq ilin sonunda ÜDM-in 28%-ni təşkil edib.
EBRD Azərbaycanın real ÜDM artımının zəif başlayan 2026-cı ildən sonra sürətlənəcəyini gözləyir. Bank 2026-cı il üçün iqtisadi artım proqnozunu 2%, 2027-ci il üçün isə 2,5% səviyyəsində müəyyən edib.
Hesabatda vurğulanır ki, Azərbaycanın iqtisadi artım perspektivləri neft və qaz qiymətləri, eləcə də hasilat həcmlərindən asılı olaraq qalır. Yaxın Şərqdəki münaqişənin qlobal enerji qiymətlərini yüksəltməsi ölkəyə əlavə gəlir gətirə və iqtisadi artımı dəstəkləyən xərclər və investisiyalar üçün imkan yarada bilər.
EBRD həmçinin ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunan sülh çərçivəsinin regional nəqliyyat və ticarət əlaqələrini genişləndirə biləcəyini, bərpa olunan enerji sahəsinə iri həcmli investisiyaların isə orta müddətdə iqtisadi diversifikasiyanı və artımı dəstəkləyəcəyini bildirib. (Apa)