Azərbaycanda milli sığorta bazarının inkişafının növbəti mərhələsini müəyyən edəcək yeni strategiyanın hazırlanması planlaşdırılır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin sığorta bazarı hazırda inkişaf nümayiş etdirsə də, qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsi daha mühüm əhəmiyyət daşıyır.
“Bu gün sığorta bazarı inkişaf nümayiş etdirir. Lakin hədəflərin müəyyən edilməsi daha vacib məsələdir. Konkret baxış mövcuddur, aydın yanaşma və strategiya işlənib hazırlanıb, bununla yanaşı, qarşıdakı mərhələ üçün yeni strategiyanın hazırlanması gözlənilir. Əslində söhbət bütün sahənin inkişafı üçün yol xəritəsindən gedir”, – deyə deputat vurğulayıb.
A.Əmiraslanov qeyd edib ki, müasir sığorta sisteminin xüsusiyyətləri nəzərə alınmalı, eyni zamanda əhali və biznes subyektləri arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Komitə sədri bildirib ki, ölkədə bazar iqtisadiyyatına keçiddən uzun müddət keçməsinə baxmayaraq, sığortanın əhəmiyyəti və risklərin idarə olunmasındakı rolu ilə bağlı maarifləndirməyə hələ də ciddi ehtiyac var.
Onun sözlərinə görə, bir çox hallarda həm sahibkarlar, həm də vətəndaşlar sığorta xərclərini əlavə maliyyə yükü kimi qəbul edirlər. Halbuki sığortaya yönəldilən vəsaitlər risklərin idarə olunmasına xidmət edir və gələcək sabitliyə yatırılan investisiya kimi qiymətləndirilməlidir.
“Sığorta sadəcə seçim deyil, obyektiv zərurətdir. Sığortaya yönəldilən xərclər və resurslar həm də gələcəyə, sonrakı inkişafa və sabitliyin təmin edilməsinə qoyulan investisiya kimi qiymətləndirilməlidir”, – deyə A.Əmiraslanov əlavə edib.
Mənbə: “Report”