2026-cı il iyulun 1-nə Azərbaycanda bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manata çatıb.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb.
Hesabat dövrünün sonuna bankların müştərilərə təqdim etdiyi xalis kreditlərin həcmi 29 milyard 888 milyon manat olub. Son bir ildə kredit portfeli 11,6 faiz genişlənib, kreditlərin bank aktivlərindəki payı isə 47,2 faizdən 49 faizə yüksəlib.
Mərkəzi Bankın statistikasına əsasən, bank sektorunun ümumi öhdəlikləri illik müqayisədə 7 faiz artaraq 53 milyard 294,8 milyon manata çatıb. Depozit portfeli isə 6,4 faiz böyüyərək 39 milyard 743,7 milyon manat təşkil edib.
Depozitlərin strukturunda 17 milyard 428,5 milyon manat fiziki şəxslərin, 22 milyard 315,2 milyon manat isə hüquqi şəxslərin vəsaitlərinin payına düşür. Son bir ildə əhalinin banklardakı əmanətləri 15,7 faiz artdığı halda, hüquqi şəxslərin depozitlərində artım cəmi 0,1 faiz olub.
Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəlikləri də azalıb. Belə ki, bu göstərici son bir ildə təxminən 20 faiz azalaraq 0,4 milyon manata enib.
Bank sektorunun balans kapitalı isə müsbət dinamikanı qoruyub. İyulun 1-nə bu göstərici illik müqayisədə 10,1 faiz artaraq 7 milyard 645,6 milyon manata yüksəlib.