Azərbaycan növbəti 5 ildə İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və IsDB Qrupu arasında 2027–2031-ci illəri əhatə edəcək yeni Üzv Ölkə Tərəfdaşlığı Strategiyası formalaşdırılıb: “Bu strategiya “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş hədəflərlə, eləcə də IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsi ilə tam uzlaşır. Sənəd əsas sektorlar üzrə layihələrin daha məqsədyönlü və yüksək təsirli şəkildə həyata keçirilməsinə imkan yaradır. Növbəti 5 ildə əməkdaşlığımız iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, taşıl və dayanıqlı infrastrukturun inkişafı, regional əlaqələndirmənin və konnektivliyin genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə inkişaf etdiriləcək”.
Nazir əlavə edib ki, hazırda tərəflər su təchizatı və təmizlənməsi, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı, həmçinin Ələt Azad İqtisadi Zonası ilə bağlı bir sıra layihələr üzərində birgə çalışır: “Diqqətəlayiq layihələrdən biri IsDB Qrupunun Qarabağ Baş Suvarma Kanalı və Qız Qalası Su Anbarı layihələrinin maliyyələşdirilməsində iştirakıdır. Bu layihələrin Cəbrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su idarəçiliyinin təkmilləşdirilməsinə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.
“Təşkilat komitəsinə, IsDB-nin peşəkar və fədakar heyətinə, könüllülərə, eləcə də Azərbaycanda bu tədbirin təşkilinə töhfə verən dövlət qurumlarına təşəkkürümü bildirirəm. İnanıram ki, bu toplantı təkcə bankla ikitərəfli münasibətlərimizdə deyil, həm də üzv dövlətlərlə iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu. Həmçinin Bakıya gələrək müzakirələrimizdə iştirak edən və öz ölkələrini təmsil edən bütün həmkar rəhbərlərə minnətdarlığımı ifadə edirəm. Bankın strateji baxışına və rəhbərliyinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq, IsDB ilə əməkdaşlığımızı həm Azərbaycanda, həm də az inkişaf etmiş ölkələrə xüsusi diqqət yetirməklə üçüncü dövlətlərdə genişləndirməyi səbirsizliklə gözləyirik”, – deyə M.Cabbarov vurğulayıb.