2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) illik müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dollarına çatıb.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, təkcə iyun ayında qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 381,9 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə yeyinti məhsullarının ixracı 19,4% artaraq 175,3 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı isə 17,3% artaraq 206,5 milyon dollara yüksəlib.
Ən yüksək artım qeydə alınan məhsullar arasında şəkər (3,4 dəfə), pambıq ipliyi (2,1 dəfə), bitki və heyvan mənşəli piylər və yağlar (50%), alüminium və ondan hazırlanan məmulatlar (40,1%), qara metallar və onlardan hazırlanan məmulatlar (30,1%), pambıq lifi (26,3%), meyvə-tərəvəz (18,9%), çay (19,4%) və spirtli və spirtsiz içkilər (2,9%) yer alıb.
Cari ilin ilk altı ayında aqrar məhsulların ixracı 23,9% artaraq 563,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsullarının ixracı isə 35,3% artaraq 195,9 milyon ABŞ dollarına çatıb.
Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı illik müqayisədə 26,6% artaraq 759,8 milyon ABŞ dolları təşkil edib.