Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
İclas Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın federal hökumət sədrinin müavini Aleksey Overçukun həmsədrliyi ilə baş tutub. Görüşdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Şahin Mustafayev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən danışıb. O bildirib ki, dağıdılmış infrastruktur müasir standartlara uyğun şəkildə yenidən qurulur, yollar, körpülər, tunellər, yaşayış və sosial obyektlər inşa edilir.
Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. 2022-ci ildə imzalanmış müttəfiqlik haqqında Bəyannamənin əməkdaşlığın inkişafına mühüm təkan verdiyi vurğulanıb.
İclasda ticarət-iqtisadi əlaqələrin inkişafı da diqqət mərkəzində olub. Bildirilib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Rusiyanın Azərbaycana yatırdığı investisiyalar 10,5 milyard dolları ötüb və ölkədə 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir.
Tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi qiymətləndirib, xüsusilə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, gələcək illərdə bu dəhliz vasitəsilə daşımaların həcmi əhəmiyyətli dərəcədə artırılacaq.
Görüş zamanı kənd təsərrüfatı, energetika, sənaye, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Eyni zamanda regional layihələrdə birgə iştirak və tranzit imkanlarının artırılması məsələləri diqqət mərkəzində olub.
İclasın yekununda tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılıq əldə olunub və müvafiq protokol imzalanıb.
Mənbə: Report.az