2026-cı ilin ilk yarısında Azərbaycana gələn xarici vətəndaşların sayında azalma qeydə alınıb.
BBN.az xəbər verir ki, yanvar-iyun aylarında ölkəyə dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min turist və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% azdır.
Ölkəyə gələnlərin əsas hissəsini Rusiya, Türkiyə və İran vətəndaşları təşkil edib. Belə ki, ümumi turist axınının 28,1%-i Rusiyanın, 21%-i Türkiyənin, 8,2%-i İranın, 4,9%-i Gürcüstanın, 4,6%-i Qazaxıstanın, 3,2%-i Özbəkistanın, 2,9%-i Pakistanın, 2,8%-i Hindistanın, 2,6%-i İsrailin, 2,4%-i isə Çinin payına düşüb.
Səudiyyə Ərəbistanından gələnlərin payı 1,8%, Ukraynadan 1,6%, Türkmənistandan 1,3% təşkil edib. Almaniya və Böyük Britaniyanın hər biri 1,1%-lik göstəriciyə malik olub. Digər ölkələrdən gələnlər isə ümumi sayın 12,4%-ni təşkil edib.
Statistikaya əsasən, Azərbaycana səfər edənlərin 68,7%-i kişilər, 31,3%-i qadınlar olub.
Ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında Avropa İttifaqı ölkələrindən Azərbaycana gələnlərin sayı 9,3% artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 1,8% yüksələrək 430,4 min nəfərə çatıb.
Bunun əksinə olaraq, Körfəz ölkələrindən gələnlərin sayı 31,4% azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 14,1% azalaraq 480,1 min nəfər olub.
Xarici vətəndaşların Azərbaycana səfərlərində əsas nəqliyyat vasitəsi hava nəqliyyatı olub. Belə ki, gələnlərin 71,1%-i hava, 27,5%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Eyni zamanda, ilin ilk 6 ayında Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayında da azalma qeydə alınıb. Hesabat dövründə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 937,4 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 5,1% azdır.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 41,5%-i Türkiyəyə, 17,1%-i Rusiyaya, 11,7%-i Gürcüstana, 6,2%-i İrana, 23,5%-i isə digər ölkələrə gedib.
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% artıb. Rusiyaya gedənlərin sayında 3%, Gürcüstana gedənlərdə 0,2% azalma qeydə alınıb. İrana səfərlərin sayı isə 41%, digər ölkələrə səfərlər isə 7,7% azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib. Onların 69,8%-i hava, 28,1%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.