Azərbaycanda bu ilin ilk yarısında müxtəlif sahələri əhatə edən yüzlərlə yeni dövlət standartı qüvvəyə minib.
BBN.az xəbər verir ki, yanvar-iyun aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 293 yeni dövlət standartı qəbul olunub.
Məlumata görə, yeni standartlar ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyənləşdirilən prioritetlər nəzərə alınmaqla, beynəlxalq standartlar və müasir tələblər əsasında hazırlanıb.
Qəbul edilən standartların 43-ü mebel, 36-sı maşınqayırma, 35-i nəqliyyat, 33-ü tekstil və dəri texnologiyası, 28-i uşaq məhsulları, 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 21-i tikinti materialları, 20-si informasiya və telekommunikasiya sahələrinə aiddir.
Bundan başqa, energetika və əməyin təhlükəsizliyi üzrə 9, idarəetmə və keyfiyyət üzrə 7, neft-qaz, kimya və əlaqəli texnologiyalar, eləcə də turizm sahələrinin hər biri üzrə 6 standart qəbul edilib.
Yeni standartların 4-ü bina qurğularını, 3-ü sənədləşdirmə və nəşriyyatı, 3-ü istehlak mallarını, 2-si hidravlik sistemlər və ümumi istifadə olunan komponentləri əhatə edib. Zərgərlik, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə isə hər bir istiqamətdə 1 yeni standart qəbul olunub.
Hesabat dövründə eyni zamanda 21 dövlət standartı üzrə dövri yoxlama aparılıb və ya dəyişiklik edilib, daha 21 standart isə ləğv olunub.
AZSTAND-ın məlumatına əsasən, yeni normativ sənədlərin tətbiqi məhsul və istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyət göstəricilərinin yüksəldilməsinə və yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək. Həmçinin bu standartların yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə də töhfə verəcəyi gözlənilir.