Azərbaycanda energetika sahəsi üçün 13 yeni dövlət standartının layihəsi hazırlanıb.
Qurumda “Elektroenergetika və bərpa olunan enerji” sahəsində standartlaşdırma üzrə Texniki Komitənin hibrid formatda iclası keçirilib.
Texniki Komitənin katibi Arif Nəzərov son illərdə qəbul olunmuş hüquqi aktların energetikada da yeni standartların hazırlanmasını zəruri etdiyini bildirib.
İclasda, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Texniki Komitəyə üzv qurumların nümayəndələri iştirak edib. Həmçinin, Nazirlik yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) tərəfindən IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dair rəy və təkliflər müzakirə olunub.
İclas zamanı terminologiyanın milliləşdirilməsinin Azərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti də vurğulanıb.
Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınaraq, energetika sahəsinə aid 13 standart layihəsinin təsdiq edilərək AZSTAND-a təqdim olunması razılaşdırılıb.