Azərbaycanda Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında yeni qurum – Media və Yayım Şurası yaradılır.
APA-nın məlumatına görə, bununla bağlı müddəalar Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, Media və Yayım Şurası ölkədə media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Yeni qurum Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın mövcud səlahiyyətlərini öz üzərinə götürməklə yanaşı, əlavə hüquq və vəzifələr də əldə edəcək.
Şuranın əsas fəaliyyət istiqamətləri sırasında media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media sahəsində təlim və müsabiqələrin təşkili, dezinformasiyaya qarşı mübarizə, informasiya mühitinin təhlili və ictimai rəyin öyrənilməsi yer alır.
Bundan başqa, qurum Media Reyestrinin formalaşdırılması və aparılması, media subyektlərinə reyestr şəhadətnamələrinin, jurnalistlərə isə vəsiqələrin verilməsi səlahiyyətinə malik olacaq. Şura həmçinin audiovizual məhsullar üzrə dövlət sifarişçisi kimi çıxış edəcək, sosial reklamların sifarişini verəcək və media layihələrinin həyata keçirilməsi üçün müsabiqələr təşkil edəcək.
Qanun layihəsinə əsasən, Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin və vəzifədən azad ediləcəklər. Şura üzvləri öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.
Qeyd olunub ki, müasir dövrdə milli informasiya təhlükəsizliyinin təmin olunması, medianın iqtisadi dayanıqlığının artırılması və çap, onlayn, eləcə də audiovizual media arasında sərhədlərin aradan qalxması vahid tənzimləmə mexanizminin yaradılmasını zəruri edib.
Müəlliflər hesab edirlər ki, kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərəcək Media və Yayım Şurasının yaradılması media sahəsində vahid yanaşmanın formalaşmasına, ictimai etimadın güclənməsinə və yerli medianın inkişafına töhfə verəcək.