

25 yanvar 2023-cü il tarixində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr edilmiş media hesabatı açıqlanıb.
BBN.az xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev bildirib ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti (EBİTDA) 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib.
Onun sözlərinə görə il ərzində Cəmiyyətin, həm gəlirləri, həm də xərcləri təxminən 10% artaraq müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb: “Xərclərin artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı ilə bağlıdır”, – deyə sədr əvəzi qeyd edib.
“2024-cü ili də mənfəətlə başa vurmağı planlaşdırırıq”, – deyə İ.Mustafayev əlavə edib.
Onun sözlərinə əsasən hipermarketlərdə poçtamatlar quraşdırılacaq: “Ötən il Azərbaycana poçtamatlar gətirilib. Hər kəs xaricdən gələn bağlaması haqqında sms ilə məlumat alıb 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər. Qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq”.
Eyni zamanda sədr əvəzi qeyd edib ki, bu gün bağlamaların itməsindən daha çox, vətəndaşa vaxtında çatdırılmaması problemi müşahidə olunur: “Bağlamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv göstərilməsidir”.