Azərbaycanda fintex şirkətləri bank sektorunun rəqibi deyil, innovasiyaların inkişafına töhfə verən strateji tərəfdaşlar kimi çıxış edir.
Bunu “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri sahəsində regionun inkişaf gündəmini formalaşdıran əsas oyunçulardan birinə çevrilir.
E.Abdullayev bildirib ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar, açıq bankçılıq təşəbbüsləri, Ani Ödəniş Sistemi, AzQR infrastrukturu, tənzimləyici “sandbox” mexanizmi və digər rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində atılan addımlar ölkədə innovasiya ekosisteminin inkişafı üçün mühüm zəmin yaradıb.
O vurğulayıb ki, hazırda əsas məqsəd yalnız rəqəmsallaşmanı sürətləndirmək deyil, həm də banklar, fintex şirkətləri, tənzimləyici qurumlar və digər bazar iştirakçıları arasında güclü əməkdaşlıq mühiti formalaşdırmaqdır. Onun sözlərinə görə, innovasiyaların təhlükəsizlik və etibarlılıq prinsipləri ilə uzlaşdırılması, vətəndaşlara daha sürətli, əlçatan və dayanıqlı maliyyə xidmətlərinin təqdim olunması əsas prioritetlərdəndir.
AzFina sədri əlavə edib ki, güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşa bilməz. Eyni zamanda, innovativ fintex şirkətləri olmadan bank sektorunun uzunmüddətli rəqabət qabiliyyətini qoruması çətinləşir. O qeyd edib ki, Azərbaycanın bu sahədə uğuru məhz banklarla fintex şirkətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsindən asılıdır.
Mənbə: “Report”