Forumda qida sənayesinin inkişafı, investisiya imkanları, yeni texnologiyaların tətbiqi müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb və sərgiyə baxış keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib. Tədbir çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev plenar iclasda, Agentliyin nümayəndəsi isə “Qida sənayesinin investisiya potensialı və istehsalda yeni texnologiyalar” mövzusunda panel sessiyasında çıxış ediblər.
Plenar iclasda forumun qida emalının inkişafı, ixracın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanda qida sənayesi qeyri-neft-qaz sektorunun şaxələndirilməsi üzrə prioritet istiqamətlərdən biridir və ölkəmizin kənd təsərrüfatı xammal bazası, nəqliyyat infrastrukturu, sənaye zonaları və aqroparkları bu sahədə yeni əməkdaşlıq imkanları yaradır.
Panel sessiyasında Azərbaycanın qida sənayesinin investisiya potensialı, istehsalda yeni texnologiyaların tətbiqi və ixrac imkanları barədə məlumat verilib. Müzakirələr zamanı Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının emalı, istehsal texnologiyalarının tətbiqi, eləcə də qarşılıqlı tədarük imkanları üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında “Xurokvori” Dövlət Unitar Müəssisəsi və “Kishvari Sabz” MMC ilə əməkdaşlığa dair iki sənəd imzalayıb.
Agentliyin nümayəndələri həmçinin forum çərçivəsində təşkil olunan sərgiyə baxış keçiriblər.