Müəyyən mərhələdə Bakıda əmtəə birjasının yaradılması məqsədəuyğun hesab edilir.
Bu barədə SOCAR Trading şirkətinin açıq neft məhsulları üzrə aparıcı treyderi Anar Həbib “GLENMAR Group”un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaradılacaq platforma Bakı birjası və ya enerji birjası kimi fəaliyyət göstərə bilər: “Belə bir layihə Intercontinental Exchange ilə birgə müəssisə formatında, həmçinin JPMorgan Chase və Goldman Sachs kimi iri maliyyə institutlarının dəstəyi ilə həyata keçirilə bilər. Hesab edirəm ki, onlar belə təşəbbüsdə iştirak etməkdə maraqlı olarlar”.
A.Həbib qeyd edib ki, Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir effektiv hedcinq mexanizmlərinin qurulması müzakirə olunur. Onun fikrincə, bu ehtiyac gələcəkdə belə bir birjanın yaradılmasını zəruri edəcək.
O həmçinin vurğulayıb ki, mövcud infrastruktur bu tələbatı yalnız müvəqqəti şəkildə qarşılayır və uzunmüddətli perspektivdə yeni infrastrukturun qurulması qaçılmazdır.
Treyder əlavə edib ki, Ələt limanı kimi strateji obyektlərin mövcudluğu Bakını regional logistika və enerji mərkəzinə çevirmək potensialını artırır. Onun sözlərinə görə, Şimal-Qərbi Avropada Amsterdam, Rotterdam və Antverpen kimi mərkəzlərin modeli Xəzər regionunda da tətbiq oluna bilər.