Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondu-nun aktivləri 73 milyard 515,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə cüzi azalma deməkdir.
Yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 3 milyard 180 milyon manat olub. Bunun 1 milyard 803,1 milyon manatı neft-qaz gəlirlərinin, 1 milyard 376,8 milyon manatı isə idarəetmə gəlirlərinin payına düşür.
Eyni zamanda, qızılın qiymətinin dəyişməsi və valyuta məzənnə fərqləri hesabına Fond 2 milyard 117,9 milyon manat həcmində büdcədənkənar gəlir əldə edib. Bununla yanaşı, investisiya portfelinin bazar dəyərindəki dəyişiklik nəticəsində 741,1 milyon manat azalma qeydə alınıb.
Hesabat dövründə ARDNF-in büdcə xərcləri 3 milyard 223,5 milyon manat təşkil edib.
Rüb ərzində Fond mənfəət neft-qazının satışından 1 milyard 802,7 milyon manat gəlir əldə edib. Bundan əlavə, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub. Daxilolmaların əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yatağından (1 milyard 400,5 milyon manat) və “Şahdəniz” yatağından (359,6 milyon manat) formalaşıb.
Eyni dövrdə ARDNF dövlət büdcəsinə 3 milyard 210 milyon manat transfert edib. Bununla yanaşı, ali təhsil üzrə dövlət proqramına 1,2 milyon manat, gənclərin xaricdə təhsili proqramına isə 5,9 milyon manat vəsait yönəldilib. Fondun idarəetmə xərcləri 6,4 milyon manat təşkil edib.
ARDNF bildirir ki, rüb ərzində qlobal maliyyə bazarlarında geosiyasi gərginliklər və qeyri-müəyyənlik artıb. Səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları və alternativ aktivlər (özəl səhm, daşınmaz əmlak və infrastruktur) müsbət gəlirlilik göstərib.
Bundan əlavə, inkişaf etmiş ölkələrin istiqraz bazarlarında ilin əvvəlində gəlirlilik azalsa da, mart ayında enerji qiymətlərinin artması və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlib və bu, istiqraz qiymətlərinə mənfi təsir edib. Qlobal səhm bazarları isə rübün sonuna doğru geosiyasi risklər fonunda geriləyib.
Fond qeyd edir ki, qızıl 2026-cı ilə güclü start versə də, mart ayında müəyyən geriləmə yaşanıb. Buna baxmayaraq, ümumi rüb üzrə müsbət nəticələr qorunub və bu da ARDNF-in qızıl portfelinə əlavə gəlir qazandırıb.