Bu gün xaric bizə, ilk növbədə çox böyük maliyyə resurslarına malik olan bir ölkə kimi baxır. Ona görə də, son illər ərzində demək olar bütün beynəlxalq reytinq agentlikləri ölkəmizi müxtəlif aspektlər üzrə ardıcıl şəkildə yüksək qiymətləndirirlər. Bu da Azərbaycanımızın gələcəyi üçün yeni, yaxşı perspektivlər açır. Ancaq elə sahələr var ki, məsələyə və yaxud vəziyyətə daxildən baxmaq tələb olunur.
Məsələn, “Moody”s” və “S&P” kimi agentliklər bank sektorumuzun real vəziyyətini, perspektivini sabit və müsbət qiymətləndirirlər. Bu da, güclü kapital buferi və qeyri-neft sektorunun maliyyələşdirilməsinin güclənməsi amilləri ilə izah olunur.
“Moody”s” beynəlxalq reytinq agentliyinin “Azərbaycanın bank sisteminin perspektivləri” adlı hesabatında bildirilir ki, sabit əlverişli əməliyyat mühiti ilə güclü dövlət dəstəyi maliyyə müəssisələrinin aktivlərinin keyfiyyət yüksəkliyinə, gəlirliliyinə müsbət təsir edir və bu, davam edəcəkdir.
O səbəbdən ki, ölkədaxili gəlirlərin artması (“Müsbət” proqnozlu “Baa3” suveren reytinqi) və qeyri-neft sektorunun inkişafı buna əlavə təkan yaradacaq.
Agentliyin ekspertlərinin rəyincə, əlverişli makroiqtisadi vəziyyət borc öhdəlikləri üzrə xidmət göstərilməsi səviyyəsinə kömək edəcək ki, borcalanların ödəmə qabiliyyəti qeyri-neft-qaz sektorunda sabit göstəricilər və əhalinin gəlirlərinin artması hesabına yüksələcək.
Bu həqiqətənmi belədir və yaxud, vəziyyət əslində necədir?
Bu suala cavab tapmaq üçün ölkənin bank sektorunda son vəziyyətə dair cari ilə aid açıqlanan ilk rəqəmlərə nəzər salmaq kifayətdir. Xalis mənfəət, aktivləşmə həcmi və kapitallaşma səviyyəsi sarıdan hər şey yüksək həddədir. Ölkənin bank sektoru yanvarda 80.1 milyon manat xalis mənfəət əldə edib ki, bu da bu ötən ilin eyni dövrü ilə müqayisədə 9.1 milyon manat və ya 12.8% çoxdur.
Ölkədə fəaliyyət göstərən bankların məcmu aktivlərisə cari ilin yanvarın sonuna 56.936 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3.845 milyard manat və ya 7.2 % çox deməkdir. Fəaliyyətdə olan bankların cəmi öhdəlikləri isə 49 milyard 528.7 milyon manata bərabər olmaqla, sektor üzrə balans kapitalı 10.7% artaraq 7 milyard 407.1 milyon manat təşkil edib.
Lakin…
Bir sıra neqativ hallar hələ də qalmaqda davam edir və hətta, özünü getdikcə sanki dərinləşməkdə olduğu kimi göstərir. Bu, nağdsız əməliyyatların, infrastruktur imkanlarının durmadan genişlənməsinə rəğmən, yüksək konsentrasiya, idarəetmə ilə kreditləşdirmədəki keyfiyyət çatışmazlığı, problemli kreditlərin həcminin artması və sair kimi hallardır.
“Moody”s” 2025-ci ilin dekabrına Azərbaycanın bank sisteminin bütün aktivlərinin təxminən 56%-nin sayca 5 bankın əlində cəmləşdiyini bildirib. Söhbət ölkədə fəaliyyət göstərən 22 bank sırasından gedir ki, Mərkəzi Bankın 2026-cı ilə dair son siyahısına əsasən, bunlar ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Bank Respublika”, “Unibank”dır.
Maliyyə sektorunda bu cür qurumların meydana çıxmasının heç bir halda yaxşı olmadığı bəlli məsələdir.
Çünki sistem əhəmiyyətli banklar tibbi dildə desəm, ilkin variantda “xoşxassəli şiş” xarakter daşıyır. Bu cür “törəmələrin isə hər an xərçəngə çevrilmə” şansı və təhlükəsi böyükdür. 2014-2015-ci illərdəki böhran zamanı ABB üzrə yaranan ciddi problemlər yaddan çıxmayıb. Qeyd olunan illər ərzindəki böhran nəticəsində ortaya çıxan problemli kreditlər məsələsi də yalnız, məhz ölkə başçısı müdaxilə etdikdən sonra həllini tapdı.
Bütün bunlar unudula bilərmi? Sözsüz ki, yox…
Yeri gəlmişkən, cari il fevralın 1-nə ölkədə vaxtı ötmüş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib ki, bu, 1 yanvarla müqayisədə 6.3%, son bir ildəsə 17.35% çox deməkdir. Ödəniş vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi 1.7%-ə çatıb ki, bu göstərici 2025-ci ilin sonunda 1.6% təşkil edirdi.
Ölkə banklarının əsas maliyyələşmə mənbəyi isə müştəri depozitləri olaraq qalır ki, onların həcmi 2025-ci ilin dekabrına illik hesabla 1.4% artaraq bütün öhdəliklərin təxminən 77%-ni təşkil edib.
Cari ilin əvvəlinə olan statistikaya əsasən isə, bu rəqəm 80%-dən yuxarıya – 49.5 milyard manata çatmışdır.
Bundan əlavə, sektor üçün ən böyük risklərdən sayılan təminatsız istehlak kreditləşdirməsinin getdikcə artması, inflyasiya təhlükəsi, mümkün xarici iqtisadi şoklar və faizlərin yüksək olması kimi amillər də, “Moody’s” və S&P kimi agentliklərin “xoş rəylərinə” arxayın olmağımıza əsas yaratmır.
Hər şeyi qoyuram kənara… Cari ilin fevralın 1-nə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil edib ki, qeyd olunan məbləğ üzrə bölgü belədir: biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat); istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat), ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat)…
İstehlak ilə ipoteka kreditlərinin birgə payı 46.8% təşkil edir. Ölkənin neft və qaz gəlirlərindən asılılığının davam etdiyi fonda inflyasiya və xarici iqtisadi təsirlərin hər an sürprizlər yarada biləcəyi halda bu qədər kredit yükü sektor üçün böyük şok yaşada bilər. Düzdür, ölkəmizin mövcud maliyyə imkanları hər cür zərbəni dəf etməyə qadirdir və qadir olaraq da qalacaq.
Ancaq ölkəmizin bank sistemi maliyyə vəziyyətində və inkişafında dayanıqlığa nail olmaq üçün rəqabət amilinə ciddi diqqət yetirilməli və sistem, iqtisadiyyatın real sektoru ilə qarşılı əlaqə və əməkdaşlıq əsasında mövqe nümayiş etdirməli – qiymətləndirilməlidir.
İstehlak kreditləri və xarici iqtisadi faktorlar heç bir risk amili xarakteri daşımamalıdır.
Mənbə: oxu.az