Beyləqan rayonunda toxum sərgi-satış yarmarkası keçirilib

Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi  və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Beyləqan rayonunda keçirilib.

Festivala İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından fermerlər qatılıblar.

Toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyi eləcə də digər dövlət qurumları iştirak edərək öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.

Festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib.

Festival çərçivəsində Beyləqan rayonunda “Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə “Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılıb.

Dəyirmi masa zamanı pambıqçılığın inkişafına dair məsələlər, cari vəziyyət və inkişaf prespektivlərinə dair bu sahədə ixtisaslaşmış “P-Agro”, “Azərpambıq” MMC, “MKT İstehsalat və Kommersiya” şirkət və müəssisələrinin aqronom və mütəxəssisləri həmçininin Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun mütəxəssisləri çıxış edərək fikir mübadiləsi aparıblar.

Müzakirə zamanı subsidiyaların verilməsi, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılması, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə, növbəli əkin sisteminin tətbiq olunması ilə bağlı fikirlər səsləndirilib.

Müzakirələrdə aqrotexniki tədbirlərin düzgün və zamanında yerinə yetirilməsi, aqrokimyəvi analizlərin aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər, Masallı, Neftçala, Qax, Balakən, Naxçıvan, Şərur, Şabran, Siyəzən və Beyləqan rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib.

Mövsümün son toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçiriləcək.

Related posts

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib

Türk Ticarət və Sənaye Palataları Birliyinin üzvləri “Bakı KOB evi”ndə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı