9-10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “International Finance & Banking Summit 2026” (IFBS 2026) uğurla başa çatdı. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Sammit maliyyə və bankçılıq sektorunun aparıcı nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, fintech şirkətlərini, texnologiya tərəfdaşlarını və ekspertləri bir araya gətirdi.
“Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusuna həsr olunan Sammit iki gün davam edərək maraqlı tərəflərin görüş nöqtəsinə çevrilmiş, yeni ideyaların, qabaqcıl təcrübələrin və innovativ məhsulların təqdimatı üçün geniş imkan yaratmışdır. Tədbir boyunca yüksəksəviyyəli nümayəndələrin iştirakı ilə maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemi və bank sektorunda yeniliklər ətrafında dərin müzakirələr aparılmışdır.
Sammitin açılış mərasimində Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Türkiyə Banklar Assosiasiyasının Baş katibi Nurullah Bakırcı, Gürcüstan Banklar Assosiasiyasının Prezidenti Aleksandr Dzneladze, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev və Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev çıxış edərək qlobal maliyyə inteqrasiyası, regional əməkdaşlığın gücləndirilməsi, rəqəmsal transformasiya və innovasiyaların maliyyə sektorunun inkişafındakı rolu barədə fikirlərini bölüşmüşlər.
Tədbir çərçivəsində 8 panel müzakirəsi və 3 memorandumun imzalanma mərasimi baş tutmuşdur.
Panel müzakirələrində süni intellekt və rəqəmsal transformasiya, ödəniş sistemləri, kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə, daxili audit, komplayns ekosistemləri, innovativ maliyyə həlləri və bank sektorunda texnoloji yeniliklər kimi mövzular diqqət mərkəzində olub.
IFBS 2026-də aidiyyəti dövlət qurumlarının, kommersiya banklarının, fintex şirkətlərinin, assosiasiyaların, yerli və xarici biznes subyektlərinin rəhbərləri, beynəlxalq maliyyə institutları və ABŞ, Türkiyə, Avropa İttifaqı ölkələri, MDB, Yaxın Şərq, MENA regionu ölkələri, İordaniya, Rusiya, Belarus və digər regionlardan 300-ə yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər
Ümumilikdə iki gün ərzində Sammitdə 1500-dən artıq yerli və xarici iştirakçı,350-dən çox təşkilatın nümayəndəsi, 50-ə yaxın beynəlxalq və yerli spiker iştirak edib.
Qeyd edək ki, təşkilatımızın növbəti mühüm tədbiri 24–25 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) olacaqdır. Mastercard ilə strateji tərəfdaşlıq çərçivəsində təşkil olunacaq Forum “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusuna həsr edilərək regionun maliyyə və bankçılıq sektorunda ən aktual çağırışların, innovativ yanaşmaların və qlobal trendlərin müzakirəsi üçün geniş platforma rolunu oynayacaqdır. Tədbir barədə ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://www.gbmevents.az/en/event/x-international-banking-forum
IFBS 2026-nın beynəlxalq səviyyədə tanıdılması və nəticələrinin geniş auditoriyaya çatdırılması istiqamətində yerli və xarici media tərəfdaşları mühüm dəstək göstəriblər. Sammitin media tərəfdaşları sırasında Financial IT, PaySpace Magazine, CoinPedia, Profit.kz, ICT Online, ICT2GO, Bankir Club, Financial Technology, International Conference Alerts, Banks.kg və digər nüfuzlu platformalar yer alıb. Onların dəstəyi ilə panel müzakirələri, çıxışlar və əməkdaşlıq təşəbbüsləri geniş işıqlandırılaraq beynəlxalq auditoriyaya çatdırılıb.