BMT agentlikləri Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edir.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave tədbirdəki çıxışı zamanı deyib.
O, yeni əməkdaşlıq çərçivəsinin milli prioritetlərə uyğunluğunu yüksək qiymətləndirib: “Yeni əməkdaşlıq çərçivəmiz milli prioritetlərə və Dayanıqlı İnkişaf Məqsədlərinə tam uyğun şəkildə qurulub. Bu, son bir il ərzində hökumət nümayəndələri ilə birlikdə həyata keçirdiyimiz intensiv işin məntiqi nəticəsidir”.
BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri 1 nömrəli Nəticə Qrupu çərçivəsində görülən işlərə toxunub: “İnklüziv sosial-iqtisadi artım və insan kapitalının inkişafına fokuslanan bu qrupda BMT-nin UNICEF, ÜST və FAO kimi bir çox agentliyi sıx əməkdaşlıq edir. Bu tərəfdaşlıq hökumət qurumları ilə birgə apardığımız effektiv işin bariz nümunəsidir”.
İşçi qrupunun həmsədri cari il üçün nəzərdə tutulan maliyyə resursları barədə məlumat verib: “2026-cı ilin sonuna qədər olan dövr üçün tələb olunan ümumi resurslar 3,6 milyon dollardan çoxdur. Hazırda bir sıra layihələr hökumətin yekun təsdiqini gözləyir ki, bu da əlavə vəsaitlərin cəlb edilməsinə imkan verəcək”.